Araz Vadisinin yaxınlığında yerləşən Soltanlı yenidən qurulur, kənddə 420 ev inşa edilir
25.07.2026 [17:51]
Cəbrayılın yenidən qurulan yaşayış məntəqələrindən biri də Soltanlı kəndidir. İşğal dövründə tamamilə dağıdılan kənd uzun illər qaranlığa və sükuta qərq olsa da, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra burada yenidən həyat canlanır. Araz Vadisi İqtisadi Zonasının yaxınlığında yerləşən Soltanlı gələcəkdə əhalinin məşğulluğunun artırılması baxımından əlverişli mövqeyə malikdir. Eyni zamanda, Zəngəzur dəhlizinin tərkib hissəsi hesab olunan Horadiz–Ağbənd dəmir yolu və avtomobil yolunun kənd yaxınlığından keçməsi yaşayış məntəqəsinin strateji əhəmiyyətini daha da artırır və kəndin inkişafı üçün geniş imkanlar yaradır. Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi 2023-cü il noyabrın 24-də keçirilib.