İQTİSADİYYAT


Evlərin qiymətlərində nə dəyişikliklər var – Ekspert rəyi

Azərbaycanda daşınmaz əmlak bazarı bir neçə il bundan əvvəlki vəziyyətlə müqayisədə daha stabildir. Ekspertlər hesab edirlər ki, hazırda qiymətlər 2013-cü illə müqayisədə daha münasibdir. Qanunvericilikdə edilən dəyişikliklər və yeni qaydalar daşınmaz əmlak bazarına diqqəti bir qədər də artırıb. Hökumətin qərarı ilə köhnə binaların sökülərək yenilərinin tikilməsi, yeni binalarda çıxarışların verilməsinin asanlaşması bunun göstəricisidir.

 

 

Elnur Fərzəliyev, tikinti üzrə ekspert

“Ən kənar yerlərdə belə qiymətlər təxminən 850-900 manatdan başlayır. Hazır binalarla tikilməkdə olan binalarda az da olsa qiymət fərqi olur. Alıcılar bu gün kreditlə satışa üstünlük verirlər. Bir çox tikinti şirkətləri yeni tikilən binaları şirkət daxili kreditlə satışını təşkil edir. Bu da bir xeyli əhali üçün ev almaq şansını artırır”

Müşahidəçilər hesab edirlər ki, hazırda daşınmaz əmlak bazarı ümumi iqtisadi proseslərə daha adekvat reaksiya verir. Əvvəllər iqtisadi artım birrəqəmli olduğu halda, evlərin qiymət artımı ikirəqəmli olurdu. Amma indi bazar daha sabitdir, artım ümumi vəziyyəti əks etdirir.

Ramil Osmanlı, daşınmaz əmlak üzrə ekspert

“Ümumi portfeldə fərdi yaşayış evləri üzrə aparılan əməliyyatların çəkisi 60 faiz civarındadır, 40 faiz isə mənzillərin payına düşür. Aprel ayının 18-dən ölkədə elektron çıxarışların verilməsinə başlanıldı. Əslində proses 1 ildir icra olunurdu, amma aprel ayının 18-dən artıq kağız çıxarışlar ləğv olundu”

Ekspertlər bildirirlər ki, əməliyyatların böyük hissəsi ilkin bazarda müşahidə olunur. Alıcılar əsasən yeni tikilən binalarda mənzil almağa üstünlük verirlər. Köhnə binalarda satış isə hazırda əsasən İpoteka Fondunun ayırdığı kreditlər hesabına baş tutur. Eyni zamanda fərdi evlərə də maraq artıb. Buna görə,  daşınmaz əmlak bazarında alış-veriş əməliyyatlarının 60 faizi bu seqmentin payına düşür.