İDMAN


Biz də hamı kimiyik
Qələbəyə doğru üzən Əli – Paralimpiya mükafatçısının bir günü

Qətiyyət, əzm, inam. Onu məhz bu sözlərlə xarakterizə etmək olar. Əlinin 10 yaşı var. İki ildir üzgüçülüklə məşğul olur. Bu müddətdə bir-çox nailiyyətlər də qazanıb. İki dəfə Uşaq Paralimpiya İdman Oyunlarının qalibi və bir-sıra yarışların mükafatçısı olub. Əlinin ayağında olan fiziki məhdudiyyəti onu həmyaşıdlarından geridə qalmasına səbəb olmayıb. Bu işdə onun ən böyük dəstəkçiləri valideynləri olub

 Malik Vəliyev,Əlinin atası

 “Anadangəlmə Əlidə sol ayaqda sümük çatışmazlığı, gödəkliyi var. Bir yaşından, protezlə yeriyəndən Əlinin idmana marağı daha çoxdur. Tək üzgüçülüyə yox, başqa idman növlərinə, qaçmaq, velosiped, turnik. Bu uşağın fikri ancaq idmandır. Əlbəttə, bizim üçün çətin olub, amma o özü hiss etdirib ki, məndən idmançı olar”.

 Əli üzgüçülüyə həvəskar kimi başlasa da indi bu idman növünə ciddi yanaşır. Əmindir ki, əzmkarlığı ilə tezliklə peşəkar idmançı kimi də yetişəcək.

 Faiq Əsgərov, Uşaq Paralimpiya Komitəsinin üzgüçülük üzrə baş məşqçisi

 “Artıq biz o maneələri geridə qoymuşuq. Əli o çətinliklərin öhdəsindən gəlib, uyğunlaşıb tam olaraq suya. Hərhansı fiziki məhdudiyyətin Əlinin normativləri yerinə yetirməsinə heç bir maneə törətmir. Heç bir uşaqdan seçilmir, hamı kimi üzür, mən deyərdim, digər uşaqlardan daha yaxşı üzür”.

 Valideynləri və müəllimi onu beynəlxalq paralimpiya yarışlarının qalibi kimi görmək istəyirlər. Balaca üzgüçü isə idmanla yanaşı, gələcəkdə tanınmış cərrah olmaq istəyir.