İDMAN


XV Avropa Gənclər Yay Festivalının bağlanış mərasimi

XV Avropa Gənclər Olimpiya Festivalı başa çatıb. “Baku Crystal Hall”da keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Niqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam edib. Festivalda 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Yarışda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü olub. Birinci yeri Rusiya, ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə Türkiyə tutub. 

Azərbaycan idmançıları sırasında güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil ediblər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunub. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.

Festivalda iştirak edən 48 ölkədən 38-nin idmançıları medal əldə edə bilib. Bakıda medallar qazanan ölkələrin ilk onluğu belədir. 

EYOF 2019 - Medalçılar, ilk onluq

Bağlanış mərasimindən maraqlı məqamlar.