İDMAN


Mariya Stadnik: Mən qızıl medal qazanmaq üçün güləşirdim

Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının finalında qalib gələrək qızıl medala sahib olub. Güləşçimiz finalda Rumıniya təmsilçisi Emiliya Alina Vuka 13:0 hesabı ilə qalib gələrək on illik fasilədən sonra ikinci dəfə dünya çempionu adını qazanıb.

Qələbəsi barədə danışan Mariya deyib: “Bu qələbə asan başa gəlmədi. Çoxlu məşqlər sayəsində medal qazana bildim və bu qalibiyyətimi mənim çox sevdiyim məşqçim Andrey Stadnikə həsr edirəm. Bu medal onun əməyinin nəticəsidir. Mən ancaq qızıl medal qazanmaq üçün gəlmişdim və heç bir rəqib haqqında düşünmürdüm. Əgər sən güclü olmaq istəyirsənsə güclü rəqiblərlə görüşməlisən”.

Xatırladaq ki, çempionata onaltıdabir finaldan başlayan Mariya Stadnik (50 kq) Nigeriya təmsilçisi Miessiney Mersi Genesisi, səkkizdəbir finalda hindistanlı Seemu Seemunu məğlub edib. Dörddəbir finalda Rusiya idmançısı Yekaterina Poleşuka qalib gələn idmançımız yarımfinala yüksəlməklə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Güləşçimiz yarımfinalda çinli Yanan Sunu 6:4 hesabı ilə məğlub edərək adını finala yazdırıb.M.Stadnik çempionatın yarımfinalına yüksəlməklə Tokio Olimpiadasına vəsiqəni təmin etmişdi. Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

VİDEO:
United World Wrestling

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır