İDMAN


Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasında ölkəmizdə anti-dopinq sahəsində görülən işlərdən danışılıb

UNESKO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 2005-ci il oktyabrın 19-da keçirilmiş 33-cü sessiyasında qəbul edilmiş “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasının (COP7) açılışı olub.
AZƏRTAC xəbər verir ki, yeddinci sessiyanın Bürosuna seçkilərdən sonra müzakirələr başlayıb.
Müzakirələrdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdə anti-dopinq sahəsində həyata keçirilmiş tədbirlərdən söz açıb. Bildirib ki, son illər anti-dopinq dünyası dəyişib və inkişaf edir. Dəyişikliklər anti-dopinqin bütün sahələrini, xüsusən son islahatlarda nəzərə alınan yeni idarəetmə mexanizmləri, habelə mövcud qayda və standartlarda aparılmış düzəlişləri əhatə edir. Aparılmış islahatlar müstəqillik məsələlərini birinci yerə qoyur və bu, tamamilə ədalətlidir.