İDMAN


Çorum Olimpiadasının qalibi olan 16 yaşadək şahmatçılarımız Vətənə qayıdıblar

Türkiyənin Çorum şəhərində keçirilmiş on altı yaşadək şahmatçılar arasında Olimpiadanın qalibi olan təmsilçilərimiz noyabrın 6-da Vətənə qayıdıblar.
Olimpiadada ölkəmizi “Azərbaycan” və “Azərbaycan-Naxçıvan” komandaları təmsil edib. Vüqar Manafov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı və Aydın Süleymanlıdan ibarət “Azərbaycan” komandası Olimpiadada 16 xal toplayaraq qızıl medallara sahib olub. İlk turlardan uğurlu çıxışı ilə yadda qalan “Azərbaycan” komandası yüksək səviyyəli oyun nümayiş etdirərək Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan, Yunanıstan və Çin komandalarını məğlub edib. Təkcə Özbəkistan və Ukrayna yığmaları ilə heç-heçə edən şahmatçılarımız liderliyi sonadək qoruyub saxlayıblar.