MƏDƏNİYYƏT


“Soyuq əllər, isti ürək” yarmarkasında Yeni il ab-havası

“Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir. Artıq 7 ildir ki, “Soyuq əllər, isti ürək” yarmarkası paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ab-havasını və sehrli əhval-ruhiyyə bəxş edir. Burada hər kəs doğmaları üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar ala, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, təamlarımızı və şirniyyatlarımızı dada bilər. Ənənəyə sadiq qalaraq yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. Yarmarkanın sponsorları ilə birgə “Nargis” Fondu əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlar – uşaq evlərin sakinləri ziyarət edəcəklər.