CƏMİYYƏT


Taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanılıblar

Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 27-də gecə saatlarında Yasamal rayonunda iki nəfər naməlum şəxs Bakı şəhər sakini Xəqani Səfərovun baş nahiyəsindən vurmaqla taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilin ələ keçirilməsi ilə bağlı 102 - Zəng Mərkəzinə müraciət daxil olub. Müraciət əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Yasamal Rayon Polis İdarəsi və 29-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakinləri, əvvəllər məhkum olunmuş Tehran Güləliyev və yetkinlik yaşına çatmayan E.Paşayev gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar.