MƏDƏNİYYƏT


Turistlərin işi asanlaşacaq - Turizm Reyestri yaradılır

Xanım Nağıyeva, müxbir

Artıq turizm obyektləri ilə turizm subyektləri bir sistemdə birləşəcək. Nazirlər Kabineti “Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Turizm reyestrində turistlərin ziyarət etdikləri mədəni və tarixi abidələrlə yanaşı, turizm şirkətləri, otelçilər, bələdçilər və turizm xidmətləri göstərən digər şəxsləri tapmaq mümkün olacaq. Həmçinin reyestr vasitəsi ilə subyektlər bir-birləri ilə biznes əlaqələri də qura biləcək. Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, turizm reyestrinin yaradılması turistlərin turizm şirkətlərinə olan inamını artıracaq.

Rəhman Quliyev, turizm üzrə ekspert

“Reyestrə düşən hər-hansı subyekt və ya obyekt göstərir ki, vətəndaşlar həmin obyektə və ya subyektə inanacaqlar. O demək deyil ki, hər hansı bir vətəndaş mənim şirkətim var deyə reyestrə qəbul ola biləcək. Təbii ki, burada lazım olan sənədlər, kriteriyalar, standartlar olacaq. Standartlara cavab verəcək turizm şirkətləri və ya otellər həmin reyestrə qəbul olunacaq. Bu da hər bir turizm şirkətinin, otelin və ya sertifikatlaşdırılmış bələdçinin xeyrinə olan bir məsələdir. Çünki bu gün siz normal turizm şirkəti yaradıb işləyirsinizsə, uzun illərdir bir otelçisinizsə, düzgün xidmət göstərirsinizsə, təbii ki, burada siz öz haqqınızı o reyestrdə tapa biləcəksiniz.

Xanım Nağıyeva, müxbir

İnteraktiv portalda turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək, reytinq cədvəli hazırlanacaq. Bu onların daha yaxşı xidmət göstərməsinə şərait yaradacaq.

Rəhman Quliyev, turizm üzrə ekspert

“Azərbaycan hüdudlarına gedən turist və ya vətəndaş həmin reyestr proqramı ilə sifariş verdiyi turizm şirkəti haqqında məlumat toplayıb, qiymətləndirilməsinə baxıb ona görə qərar verəcək ki, bu turizm şirkətinə bu turu sifariş edim ya etməyim. Eyni zamanda Azərbaycana gələn turistlər də reyestr bazasına girib əməkdaşlıq elədiyi turizm şirkəti haqqında məlumat alıb, sifariş edib-etməyəcəyinə qərar verə bilər.

Xanım Nağıyeva, müxbir

Dövlət Turizm Agentliyindən bildiriblər ki, Turizm Reyestrinin yay aylarına qədər istifadəyə veriləcəyi gözlənilir.