Azərbaycan Dövlət İnformasiya Agentliyi

Karateçilərimiz Avropa çempionatında rekord nəticə qazanıblar

09.02.2020 [21:20]

Yeniyetmə və gənclərdən ibarət Azərbaycan seçmə komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən növbəti Avropa çempionatında ötən illərdəki göstəricilərini yeniləyərək, rekord nəticə qazanıb.
Azərbaycan Milli Karate Federasiyasının Media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun AZƏRTAC-a verdiyi məlumata görə, 16-17 yaşlı gənclərin yarışının ikinci günündə Sultan Hüseynov (55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (76 kq, şəxsi məşqçisi Namiq Pirverdiyev) və Osman Osmanlı (76 kiloqramdan yuxarı, şəxsi məşqçisi Rövşən Allahverdiyev) qızıl medal qazanıblar. Ayla Rzazadə (59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş, Əminağa Quliyev (61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc medal əldə ediblər.