CƏMİYYƏT


Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldı

Nəsimi rayonu ərazisində metronun “20 Yanvar” stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Rüfət Yunusova qarşı quldurluq edilib. Naməlum şəxs sürücünü kəsici alətlə hədələyərək zərərçəkənin 100 manatını ələ keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Qurban Rzayev saxlanılaraq istintaqa təqdim edilib.
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə paytaxt sakini Telman Mirbabayevin cibindən içərisində 305 manat olan pul kisəsini oğurlayan Sabunçu rayon sakini İbrahim Əliyev saxlanılıb.