MƏDƏNİYYƏT


Xüsusi karantin rejimində Azərbaycanda onlayn kitab sifarişi artıb REPORTAJ

Azərbaycanda koronavirusla mübarizə üçün tətbiq edilən xüsusi karantin rejimində kitablara olan maraq artıb. Evdə özünü təcrid edən insanlar vaxtlarını səmərəli keçirmək üçün müxtəlif kitabları onlayn sifariş ediblər. Karantindən əvvəlki dövrlə müqayisədə onlayn satışlar həmin ərəfədə 10 faizə qədər yüksəlib. Bakı Kitab Mərkəzinin meneceri Səkinə Dadaşovanın sözlərinə görə, martın 24-dən onlayn çatdırılma xidməti göstərməyə başlayıblar və xüsusi karantin rejimi dövründə gözlənilmədiyi qədər onlayn sifariş qəbul ediblər.

Səkinə Dadaşova, Bakı Kitab Mərkəzinin meneceri

“Təcrübəmizə əsasən, onu deyə bilərik ki, sosial təcrid zamanı insanlarda kitablara maraq və ehtiyac daha da artdı. Ən çox uşaq ədəbiyyatı, sinifdən xaric oxu, nağıllar, yaş kateqoriyalarına görə inkişaf kitabları sifariş olunurdu. Bu da birbaşa təhsil ocaqlarının və bir-çox iş yerlərinin bağlı olmasından irəli gəlir. Valideynlər ev şəraitində uşaqların inkişafı ilə məşğul oludular. Bundan əlavə bir-çox stolüstü oyunlar, “puzzle”lar sifariş olunurdu. Həm xarici, həm yerli klassik əsərlər hər zamanki kimi karantin dövründə də aktuallığını itirmədi. Müxtəlif xarici dillər öyrənmək üçün dərsliklər, lüğətlər, həmçinin sürücülük vəsiqəsi vəsaitləri çox sayda sifariş olunurdu”.

Karantin rejiminin yumşaldılması ilə kitab mərkəzləri də fəaliyyətini bərpa edib. Kitab almaq istəyən insanlar mağazalarda sosial məsafəni qorumaq şərti ilə istədikləri kitabları əldə edə bilərlər. Hazırda onlayn sifarişlərin sayı azalsa da Bakı Kitab Mərkəzi bu xidməti dayandırmayıb. Kitab sifarişlərini telefon və ya Bakı Kitab Mərkəzinin sosial şəbəkə səhifələri vasitəsi ilə etmək mümkündür.