CƏMİYYƏT


Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında həyata keçirdiyi tədbirlər davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 16-da səhər saatlarından başlayaraq paytaxdakı 300-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq 3-cü dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.
Mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə bir gün əvvəl KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər. Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək vermiş, nazirliyin xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində fəal iştirak edib.
Gün ərzində paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görüb.