MƏDƏNİYYƏT


Ceyhun Mirzəyevin dublyoru, partladılan yollar – “Ögey ana”nın çəkildiyi Qalacıq kəndindən REPORTAJ

“Ögey ana” filmini izləməyən tamaşaçı yəqin ki, yoxdur. Ekran əsərinin çəkilişləri 63 il əvvəl İsmayıllının dağ kəndlərində lentə alınıb. Çəkiliş zamanı kinodakı bəzi epizodlardakı baş qəhrəmanları kəndin uşaqları əvəzləyib.
AZƏRTAC xəbər verir ki, müəllifi və rejissoru Həbib İsmayılov olan “Ögey ana” filmindəki İsmayıl obrazının dublyoru Vaqif Babayev indi də o anları fəxrlə xatırlayır. Deyir ki, filmdə bəzi epizodlarda dublyorun iştirak etdiyini az adam bilir. On iki yaşında bu filmə dəvət alan unudulmaz aktyorumuz Ceyhun Mirzəyev at minməyi bacarmadığından onu Qalacıq kəndindən olan həmyaşıdı əvəz edib. Vaqif Babayevin sözlərinə görə, ona təklif elə çəkilişlər zamanı gəlib. Belə ki, dərs vaxtı sinfə daxil olan filmin çəkiliş qrupunun bəzi üzvləri dublyor axtardıqlarını deyiblər. Rejissor xarici görünüşünə görə İsmayıla bənzədiyindən Vaqif Babayevi dublyor seçib.