CƏMİYYƏT


Koronavrusun ən çox yayıldığı toy və yas mərasimləri - Polis belə hallarla necə mübarizə aparır

Azərbaycanda bir müddətdir ki, 16 şəhər və rayon üzrə xüsusi karantin rejimi tətbiq olunur. Davam edən sərt karantin rejiminə baxmayaraq, ad günləri, toy və yas mərasimləri keçirənlər var. Mütəxəssislər bildirirlər ki, insanlar virusa daha çox gizlin keçirilən və heç bir qaydalara əməl edilməyən məclislərdə yoluxurlar. Buna görə də yoluxmaların sayı artır.

Ramin Bayramlı, TƏBİB-in sədri

“Daha çox yoluxma halları yas yerlərində toplaşmaqla əlaqədardır. Yas yerlərində karantin rejimini kobud şəkidə pozmaqla toplaşmaqla bağlı bir-sıra rayonlardan neqativ məlumatlar daxil olub. Elə yas yeri var ki, orada 84 nəfər koronavirusa yoluxma halı qeydə alınıb”.

Daxili İşlər Nazirliyi və tabeli orqanlarının əməkdaşları isə hər gün fasiləsiz rejimdə bu kimi hallarla mübarizə aparır. Toy, yas, həmçinin digər məclisləri təşkil edənlər və iştirakçıları minimum 200 manat məbləğində cərimə olunur. Bu kimi halların baş verməməsi üçün ərazi üzrə polis orqanlarının əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər aparır.

Emil Cavadov, Səbail RPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı

“Mütəmadi, gecəli-gündüzlü xidmət apardıqlarına görə, hər-hansı keçirilmiş tədbirin gizli qalması qeyri-mümkün bir haldır. Keçirilən tədbirdə kimliyindən asılı olmayaraq, əgər karantin rejimi qaydaları pozulursa, qanunvericiliyə uyğun tədbirlər görülür və inzibatı qaydada cərimə olunur. İstər toy, yas mərasiminin təşkilatçısı olsun, istər orda iştirak edən şəxslər olsun, birmənalı şəkildə bugün bu cür tədbirlərin keçirilməsi yolverilməzdir”.

Polis həm də ictimai nəqliyyatda, market və bazarlarda, digər kütləvi yerlərdə karantin rejiminə əməl olunmasına nəzarət edir, maska taxmayan vətəndaşlara xəbərdarlıq olunur.