CƏMİYYƏT


Həftəsonu sərt karantin rejimi ilə bağlı müxtəlif yerlərdə mobil polis postları qurulub

Həftəsonu sərt karantin rejimi ilə bağlı ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulub. Sərt karantin rejiminin elan edildiyi Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib. Yol polisi nəqliyyat vasitələrində olan sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır. Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda qurulur.

Emil Cavadov Səbail RPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi

“Bazar günü bilirsiz qeyri-iş günüdür, əsas da qeyri-iş günlərində bu cür postlar təşkil olunur, bu da profilaktika xarakteri daşıyır, vətəndaş biləndə ki, şəhərin müxtəlif yerlərində postlar təşkil olunub, ən azından özündə müəyyən mənada məsuliyyət hissi yaranır. Vətəndaş bilməlidir ki, pozuntu hallarına yol vermək olmaz, əgər yol verəcəksə, məsuliyyətini dərk etməlidir. Evlərində otursunlar, karantin qaydalarına əməl eləsinlər, ən azından bu əməllərlə özlərini və yaxınlarını qoruyurlar”.

Reydlər gün ərzində paytaxın müxtəlif ərazilərində və müxtəlif saatlarda təşkil olunur. Sürücülərə tövsiyə olunur ki, həftəsonu sərt karantin rejimi ilə bağlı vacib olmadıqda şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda növbəti iki həftəsonu ictimai nəqliyyatın hərəkəti qadağan olunacaq.