SİYASƏT


Ermənistanın Azərbaycana qarşı son təxribatları ilə əlaqədar Londonda dinc aksiya və yürüş keçirilib

Böyük Britaniyada yaşayan azərbaycanlı icmanın 300-dək üzvü Ermənistanın Azərbaycana qarşı son təxribatları ilə əlaqədar Londonda dinc aksiya və yürüş keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə BBC-nin London ofisi qarşısında aksiya keçirilib, həmyerlilərimiz səsgücləndiricilərdən istifadə edərək müxtəlif şüarlar (“Yetər!”, “Erməni təcavüzünə son!”) və Azərbaycanın dövlət himnini səsləndiriblər.
Sonra aksiya iştirakçıları Trafalqar meydanından və Britaniya Baş Nazirinin ofisinin önündən keçərək parlament binasına doğru yürüş edib və yolboyu “Biz sülh istəyirik!”, “Biz ədalət istəyirik!”, “Qarabağ bizimdir-bizim olacaq!” kimi şüarlar səsləndirib, ermənilərin Los-Ancelesdə azərbaycanlılara qarşı zorakılığına diqqət çəkərək, bu cür zorakı təxribatlara son qoyulmasının vacibliyini vurğulayıblar. Yürüş iştirakçıları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonlarının adlarını ucadan sadalayıblar.