CƏMİYYƏT


"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub

Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması və COP29 kimi mötəbər tədbirin keçirilməsi çərçivəsində “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ictimai şəxslərin, bloger, influenser və media nümayəndələrinin iştirak etdiyi məlumat turunda “Təmiz Şəhər” ASC-nin fəaliyyəti, Bakı şəhərində bərk məişət tullantılarının idarə edilməsi və təkrar emal prosesi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 2017-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Balaxanı Sənaye Parkı təkrar emal sahəsini inkişaf etdirmək məqsədilə yaradılıb. Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkı tullantıların təkrar emalı ilə məşğul olmaq istəyənlər üçün əlverişli məkandır. Dövlət tərəfindən burada fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak, əlavə dəyər vergisindən və istehsal məqsədilə idxal edilən texnoloji avadanlıqlar idxal rüsumundan azad olunur.