CƏMİYYƏT


Bu gün axşamdan hava kəskin dəyişir: Bakıda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib. Bakıda və Abşeronda fevralın 8-də gözlənilən yağıntının fevralın 9-da sulu qara və qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 15-18° enəcək. Fevralın 9-da gündüz 0-3° isti, axşama doğru və 10-na keçən gecə və səhər 0-4° şaxta olacağı proqnozlaşdırılır. Buna görə də fevralın 9-dan 10-na və 10-dan 11-nə keçən gecə və səhər saatlarında yolların buz bağlayacağı ehtimalı var. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq fevralın 11-dək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı bildirilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Qərb küləyinin əsəcəyi, güclənəcəyi, arabir şiddətlənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 13-18° enəcək. Yolların buz bağlayacağı ehtimalı var. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.