SİYASƏT


Vyetnamda keçirilən konfransda Ermənistanın Qarabağla bağlı yalanları ifşa edilib

Vyetnamın ən böyük media şirkətlərindən olan “Vyetnamın səsi” Teleradio Holdinqinin binasında Azərbaycanın bu ölkədəki səfirliyi, Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Məsuliyyətli jurnalistika saxta xəbərlərə qarşı” mövzusunda konfrans keçirilib.
Səfirlikdən AZƏRTACA-a bildiriblər ki, Vyetnamın aparıcı KİV rəhbərləri və jurnalistlərinin, elm və təhsil müəssisələrinin nümayəndələrinin, ictimai xadimlərinin, diplomatların iştirak etdikləri tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Anar İmanov jurnalistlərin müxtəlif hadisələrin, o cümlədən beynəlxalq məsələlərin işıqlandırılmasında məsuliyyətli olmalarının, ictimaiyyətə baş verən hadisələr barədə dürüst, yoxlanılmış və etibarlı mənbələrə əsaslanan məlumatların çatdırılmasının vacibliyini vurğulayıb. O, Ermənistan-Azərbaycan münaqişəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyinə baxmayaraq, işğal 30 ilə yaxın davam edib.