İQTİSADİYYAT


Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu yenidən qurulub

Uzunluğu 26 kilometr olan Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti layihəsinə uyğun olaraq, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülüb, bunun üçün isə müəyyən hissələrdə dağ yamacları xüsusi texnika ilə kəsilib. Daha sonra 200 min kvadratmetr sahəni əhatə edən 20 santimetr qalınlığında optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, 16 santimetr qalınlıqda qım-çınqıl qarışığından əsasın üst layı tikilib. Asfaltlanma işləri yolun 170 min kvadratmetrdən çox sahəsini əhatə edib.