CƏMİYYƏT


“Zəfər yolu” sentyabradək istifadəyə veriləcək

Dövlət başçısının tapşırığına əsasən, Müzəffər Ordumuzun Şuşanı azad etmək üçün açdığı Zəfər yolu boyunca inşa edilən 2-ci texniki dərəcəli yolda tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb və avtomobil yolu ilə gediş-gəliş təmin olunub. Sentyabr ayınadək isə “Zəfər yolu” tam olaraq asfaltlanıb istifadəyə veriləcək. Buna paralel olaraq dövlət başçısının Füzuliyə səfəri zamanı təməli qoyulan, Füzuli şəhərindən Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi də davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşamızı düşməndən azad etmək üçün min-bir əziyyətlə açdığı yolun, dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir. Sözügedən yol həm də, şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər Ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də, rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı 101.5 km uzunluğa malik bu yolu “Zəfər Yolu” adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır