İQTİSADİYYAT


Tıxac və ləngimələri aradan qaldırmaq üçün aparılan yenidənqurma işləri yekunlaşıb

Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında, həmçinin Saray-Novxanı yolunda aparılan yenidənqurma işləri artıq yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində paytaxt istiqamətindən yol qovşağına qalxan yolda, həmçinin Novxanı qəsəbəsindən gələn yolun dairədən Sumqayıt istiqamətinə düşən hissəsində genişləndirmə işləri aparılıb, yeni yol hissəsi yaradılıb. Bunun üçün ərazidə tikinti altına düşən maneələrin köçürülməsi, qazma-dolma işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri icra olunub. Ardınca yeni yol hissəsinə iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri yol ötürücüsünə qalxan və düşən digər istiqamətdəki yollarda da aparılıb. Bununla ərazidə nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkəti də təmin edilib.