CƏMİYYƏT


Xocavənddə məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb

Xocavənd rayonunun Yemişcan kəndi ərazisindəki məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat yayıb.

ANAMA əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb. Qumbara döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib. Qapını açdıqda və ya bağladıqda kəndirin dartılması nəticəsində tələ qurğu işə düşə bilər. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib.