İDMAN


Federasiya prezidenti: Azərbaycanda bilyard idman növünü sıfırdan yaratmaq istəyirik

Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Bir neçə gün öncə Azərbaycan Bilyard Federasiyasına prezident təyin olundunuz. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Çox sevindirici haldır, eləcə də böyük məsuliyyətdir. Federasiyanın prezidenti olmaq bütün yükü öz üstünə götürmək deməkdir. Bilyard idman növünü Azərbaycanda yüksək səviyyəyə qaldırmaq üçün böyük işlər görülməlidir. İnanıram ki, buna gücüm çatacaq. İstəyim ölkədə bilyardı inkişaf etdirməkdir. Bunun üçün əlimdən gələni edəcəyəm. Güclü komanda yığmışam. Bu yükün altına girməkdən çəkinmədim.

- Son vaxtlar Azərbaycanda bilyard sanki bir qədər kölgədə qalıb. Bu idman növündəki durğunluğun səbəbini nədə görürsünüz?

- Bilyard elə idman növüdür ki, onun üzərində ciddi işləmək lazımdır. Bizdə insanlar bilyarda əsasən əyləncə kimi baxırlar. Gəldin, bir saat oynadın və çıxıb getdin. Əslində belə olmamalıdır. Bütün dünyada bilyard idman növü kimi tanınır. Bizdə isə vəziyyət fərqlidir. İnsanlar bununla peşəkar səviyyədə məşğul olmaq istəmirlər. Məqsədimiz bilyardı həvəskar səviyyədən peşəkar statusa keçirməkdir.