Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunun növbəti medalçıları

08.05.2024 [15:03]

Xəbərin mətni

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda bu gün kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib. Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, qızıl medal uğrunda mübarizə çinli Xinjie Vanq və çexiyalı Martin Podraski arasında gedib. Duelin əsas mərhələsində dəqiq atışların sayı bərabər olduğundan (32), əlavə 5 atışa ehtiyac duyulub. Həlledici mərhələdə təcrübəli M.Podraski hədəflərin hamısını dəqiq nişan alaraq karyerasında 5-ci dəfə qızıl medal sevinci yaşayıb. X. Vanq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Fransalı Klemen Besua isə 25 dəqiq atışla bürünc mükafatın sahibi olub.