COP29


COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verildi

Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlığın önəmli istiqamətlərindən biri də bu sahədə əhalinin ekoloji maarifləndirilməsidir. İctimaiyyətin bu mötəbər iqlim konfransından gözləntilərinin, eləcə də iqlim dəyişmələrinin təsirləri kimi müxtəlif önəmli mövzularda məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə COP29 Məlumat Mərkəzi yaradılıb. AZƏRTAC xəbər verir ki, iyunun 27-də Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Bakı bulvarında keçirilən açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirliyi Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, eləcə də ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini və Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen iştirak ediblər. Tədbirdə Mərkəzin nümayəndələri tərəfindən rəsmilərə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib, fərqli tematik zonalarda təşkil olunan müxtəlif rəqəmsal resurslar, eləcə də iqlim dəyişmələrinin təsirləri və bu təsirlərin yumşaldılmasının əhəmiyyətini göstərən interaktiv instalyasiyalar nümayiş etdirilib.