“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı müxtəlif kitabxanalara paylanılacaq
01.08.2025 [17:23]
Şəhidliyə qovuşandan sonra ötən dörd il ərzində hərbi jurnalist Məhərrəm İbrahimovun xatirəsinin əbədləşdirilməsi üçün çox işlər görülüb. Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə, oxuduğu 100 nömrəli tam orta məktəbin sinif otaqlarından birinə onun adı verilib, qəsəbədə yaşadığı evə xatirə lövhəsi vurulub, adı Azərbaycan Televiziyasının həyətindəki mərmər lövhədə peşə fəaliyyətini yerinə yetirərkən şəhid olan həmkarlarımızın sırasına yazılıb. 17 il çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın binasına barelyefi vurulub, xatirə guşəsi yaradılıb. Adına mükafatlar təsis edilib, turnir və yarışlar keçirilib. Yeni çapdan çıxan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən həmkarımızın xatirəsini əbədiləşdirən daha bir yadigardır. Axundzadə adına Mərkəzi Kitabxanada həmin kitabın kitabxanalara paylanılma kampaniyasında bu barədə danışılıb.