Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub
18.09.2025 [13:51]
Almaniyanın nüfuzlu “Handelsblatt” qəzetinin təşkilatçılığı ilə keçirilən “Qaz 2025: Körpü, yoxsa əyləc? Qaz sektoru enerji keçidi və dünya siyasəti arasında” mövzusunda ənənəvi illik konfransda Azərbaycanın enerji strategiyası və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqət mərkəzində olub. “Handelsblatt” nəşrinin hər il təşkil etdiyi və sənaye liderlərini, hökumət nümayəndələrini və enerji sahəsində nüfuzlu ekspertləri bir araya gətirən ənənəvi tədbir enerji siyasəti, qaz bazarı, karbon emissiyasının azaldılması və enerji keçidi strategiyaları kimi aktual məsələlərin müzakirə edildiyi yüksəksəviyyəli platforma kimi tanınır. Tədbirdə “Handelsblatt” qəzetinin dəvəti ilə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “Geosiyasi çağırışlar dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi” mövzusunda təqdimatla çıxış edib.