Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neyromüxtəlif gənclərin çalışdığı məkan – “Kashalata” kafedən REPORTAJ

25.09.2025 [12:20]

Xəbərin mətni

Bakının sakit küçələrindən birində qapılarını hər gün öz müştəriləri üçün böyük ümidlərlə açan bir kafe fəaliyyət göstərir. Burada müştəriyə təqdim olunan qəhvə yalnız isti içki deyil, həm də səmimiyyətin, anlayışın və cəmiyyət tərəfindən qəbul edilmənin rəmzidir. Bu məkan Azərbaycanın ilk və yeganə inklüziv kafesi, “Kashalata” kafedir. Buranın digər yerlərdən fərqi ondadır ki, kafedə müştərilərə xidmət göstərənlər sıradan işçilər deyil. Məkanda çalışanların əksəriyyəti neyromüxtəlifliyi olan, yəni autizmli və ya Daun sindromlu gənclərdir. Onlar “Kashalata” kafedə sadəcə öz iş bacarıqlarını nümayiş etdirmirlər, həm də cəmiyyətə inteqrasiyanın mümkünlüyünü sübut edirlər. Axı, neyromüxtəlifliyi olan insanlar üçün cəmiyyətə inteqrasiya imkanları olduqca əhəmiyyətlidir.