Komitə sədri: WUF13-də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən danışacağıq
05.12.2025 [16:17]
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri keyfiyyətinə və miqyasına görə nümunəvi hesab olunur. Hazırda postkonflikt ərazilərin bərpası dünyada aktual olan bir çağırışdır. Bu sahədə Azərbaycanın təqdim etdiyi model də özü-özlüyündə çox böyük maraq doğurur. İşğaldan azad edilmiş ərazilərdə hər bir kəndin və şəhərin Baş Planının hazırlanması, bu prosesdə aparıcı beynəlxalq məsləhətçilərlə əməkdaşlığımız nəticəsində ərsəyə gələn layihələr bu sahənin peşəkarları üçün maraq kəsb edir. Biz çalışacağıq ki, WUF13-də müxtəlif formatlarda imkanlardan istifadə edərək işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışaq və bu istiqamətdə dünyanın mərkəzi və yerli hökumətlərinin nümayəndələri ilə açıq dialoq aparaq. Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev deyib.