Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Strateji Ekoloji Qiymətləndirmənin planlamada tətbiqi mühüm ekoloji idarəetmə alətidir

22.05.2026 [19:39]

Xəbərin mətni

Müasir dövrdə urbanizasiya prosesinin sürətlənməsi, iqlim dəyişmələri və ekoloji problemlər dövlətləri daha dayanıqlı və uzunmüddətli yanaşmalar tətbiq etməyə sövq edir. İqlim dəyişmələrinin nəticələri dünyanın hər yerində hiss olunur: quraqlıqlar, su qıtlığı, ekstremal təbiət hadisələri - meşə yanğınları, daşqınlar, dəniz səviyyəsinin qalxması, daxili su hövzələrinin azalması, buzlaqların əriməsi, eləcə də torpaqların deqradasiyası və biomüxtəlifliyin itirilməsi bu təsirlərin ən bariz nümunələridir. Şəhərlərimiz də bu hadisələrin təsirinə məruz qalır. Artıq şəhərlərin inkişafı və məskunlaşmanın təmin edilməsi yalnız iqtisadi göstəricilərlə deyil, həm də ətraf mühitin qorunması, sosial rifah və iqlim dayanıqlılığı prinsipləri nəzərə alınmaqla planlaşdırılmalıdır. Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib.