Səbinə Əliyeva: Əlilliyi olan şəxslərin cəmiyyət həyatında bərabər iştirakı müyəssər mühitin formalaşdırılması ilə mümkündür
19.05.2026 [12:45]
Müyəssərlik pandus, lift və xüsusi nişanlarla yanaşı, insanın gündəlik həyatını sərbəst qurmasına imkan verən bütöv bir yanaşmanı ifadə edir. Bu isə şəxsin təhsil, məşğulluq, səhiyyə, nəqliyyat, mədəniyyət, ictimai xidmətlər və icma həyatında digər şəxslərlə bərabər şəkildə maneəsiz və səmərəli iştirak edə bilməsi deməkdir. Beləliklə, əlilliyi olan şəxslərin cəmiyyət həyatında bərabər və səmərəli iştirakı müyəssər mühitin formalaşdırılması ilə mümkündür. Bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda keçirilən beynəlxalq təlimdə çıxış edərkən deyib.