Fərid Qayıbov: UFC turniri ölkəmizdə idmanın inkişafına və turizmə töhfə verir
02.07.2026 [15:02]
Dövlətimizin başçısının tapşırıq və tövsiyələri əsasında Azərbaycanda beynəlxalq idman yarışlarının təşkili uğurla davam etdirilir. Bildiyiniz kimi, ölkəmiz artıq uzun illərdir Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edir. Təkcə ötən il onlayn bilet satışının statistikası göstərirdi ki, yarışları izləmək üçün 12 mindən çox xarici azarkeş Azərbaycana gəlib. Ötən il isə ilk dəfə olaraq UFC turniri regionda məhz Azərbaycanda təşkil olundu. Hazırda region ölkələri arasında bu turnirə yalnız Azərbaycan ev sahibliyi edir. Bu ilin əvvəlində UFC ilə növbəti üç ili əhatə edən yeni müqavilə imzalanıb və artıq həmin əməkdaşlıq çərçivəsində ilk turnir keçirilib. Qarşıdakı iki ildə də bu yarış ölkəmizdə təşkil olunacaq. Bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən UFC turniri ilə bağlı jurnalistlərə açıqlamasında səsləndirib.