Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur İmrani: Xəzərin səviyyə dəyişikliyi təsərrüfat sahələrinə ciddi təsir göstərə bilər

20.08.2026 [14:45]

Xəbərin mətni

Xəzər dənizində su səviyyəsinin dəyişməsi Azərbaycanın ekoloji vəziyyəti ilə yanaşı, iqtisadi və sosial həyatına da ciddi təsir göstərə biləcək proseslərdəndir. Dənizin səviyyəsinin aşağı düşməsi sahil xəttinin dəyişməsinə, yeni quru sahələrinin yaranmasına və sahilyanı ekosistemlərin transformasiyasına səbəb ola bilər. Bu dəyişikliklər neft-qaz sənayesi, dəniz nəqliyyatı, balıqçılıq və sahilyanı infrastruktur üçün yeni risklər yaradır. İqlim dəyişmələri, temperaturun yüksəlməsi, buxarlanmanın artması və Xəzərə daxil olan su ehtiyatlarının azalması isə vəziyyətin gələcəkdə daha da mürəkkəbləşə biləcəyi ilə bağlı narahatlıqları artırır. Mütəxəssislər Xəzərin vəziyyətinin davamlı monitorinqini və mümkün risklərin qarşısının alınması üçün kompleks tədbirlərin görülməsini vacib hesab edirlər. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bildirib.