Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həsənoğlunun böyük çağdaşı Qənbəroğlu haqqında yeni faktlar üzə çıxarılıb

05.11.2026 [17:42]

Xəbərin mətni

Azərbaycan ədəbiyyatşünaslığında anadilli şeirin ilk nümayəndəsi kimi Şeyx İzzəddin Həsənoğlunun qəbul olunması və anadilli ədəbiyyat tarixinin onun türkcə qəzəlləri ilə başlaması ənənəviləşmiş qənaət olsa da, uzun illər boyu apardığımız araşdırmalar daha öncə, həmçinin onun dövründə ana dilində yazıb-yaradan başqa söz sənətkarlarımızın olduğunu da üzə çıxardı. Nəticədə Hümam Təbrizi, Zülfüqar Şirvani, Şeyx Səfiəddin Ərdəbili, Nəsir Bakuyi, Hüsaməddin Xoyi və Həsənoğlunun adlarının yer aldığı ilk dövr anadilli şeirin nümayəndələrinin sırasına Bədrəddin Qivami və Qənbəroğlunun adlarını da əlavə etdik. XIII əsrdə yaşadığı bilinən Qənbəroğlunun adını sadaladığımız şairlərin çoxundan fərqli olaraq, bir deyil, bir neçə qəzəli günümüzə tam şəkildə gəlib çatmışdır və bu şair ədəbi təsir dairəsinin genişliyi ilə də seçilir. Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva söyləyib.