Vətən müharibəsinin naxçıvanlı qəhrəmanı: şəhid mayor Sadiq Həsənovun döyüş yolu
07.11.2026 [13:56]
Bəzən bir ömrün taleyi uşaqlıqdan qurulan bir arzunun işığında yazılır. O arzu illər keçdikcə insanın amalına, həyat yoluna, ən böyük məqsədinə çevrilir. 1986-cı il sentyabrın 14-də Naxçıvan şəhərində dünyaya göz açan Sadiq Həsənovun da qəlbində hərbçi olmaq arzusu hələ uşaq yaşlarından kök salmışdı. Dayısının hərbi papağını başına qoyub şinelini geyindiyi o günlərdə başlayan arzu onu ömrünün sonunadək Vətənə xidmətə səslədi. Bu yolun sonunda isə onu ən uca zirvə – şəhidlik gözləyirdi. 2020-ci ilin Vətən müharibəsində 23 gün ərzində Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətlərində döyüşərək bir sıra yaşayış məntəqələrinin azad edilməsində şücaət göstərən, Qubadlı rayonunun Balasultanlı kəndində canını Vətən uğrunda fəda edən Sadiq Həsənovun ömür yolu şəhidlik zirvəsində tamamlandı. O, bu gün doğmalarının qəlbində heç vaxt bitməyən həsrət, övladlarının yaddaşında əbədi qürur, xalqımızın qəhrəmanlıq salnaməsində isə Vətən sevgisinin və fədakarlığın rəmzi kimi yaşayır.