CƏMİYYƏT


Bu gün Azərbaycanda 650 min ağac əkilməsi aksiyası keçirilir

Dekabrın 6-da Azərbaycanda bir gün ərzində indiyədək görünməmiş sayda - 650 min ağac əkiləcək. Bu ekoloji aksiya dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.
Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə aksiyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları, o cümlədən AZƏRTAC-ın kollektivi iştirak edəcək.