İQTİSADİYYAT


Qubada dağ çayları üzərində inşa olunacaq su anbarları beş rayonda suvarma işlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq

Yeni yaradılacaq Qudiyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay su anbarları ölkəmizin şimal rayonlarında mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsində mühüm rol oynayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən iyulun 27-də imzalanan “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiqlənib. Plana əsasən Azərbaycanda 10 yeni su anbarı yaradılacaq. Dağ çayları sularının yığılması üçün nəzərdə tutulan relyefə uyğun tikiləcək su anbarlarından dördü Quba rayonunun ərazisində inşa ediləcək.