CƏMİYYƏT


Yapon alması becərən “qubalı Miçurin”in bağında bol məhsul yetişib

Bağında Yaponiyadan gətirilən alma sortları becərən qubalı bağban Ramiz Kərimov bu il təsərrüfatında bol məhsul yetişdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bağı rayonun Birinci Nügədi kəndində olan sahibkar oktyabr ayında məhsul yığımına başlayacaq.
Bir hektar bağından hər il 25 tonadək məhsul əldə edən bağbanın müştəriləri də çoxdur. Yapon almasının qiyməti də yerli məhsuldan bahadır. Digər almaların kilosu bir manatdan aşağı olsa da, yapon almasının kiloqramı 1,5-2 manata satılır.Bağban Ramiz Kərimov bildirib ki, 15 ilə yaxındır yapon alma sortları becərir. “Bu almaları almaq istəyən çoxdur. Çox dadlı, ətirli və şirəlidir. Soyuducu anbarda saxlanmadan da mart-aprel aylarınadək xarab olmur. Yapon alması dünyada ən bahalı almalardan sayılır. Bununla belə, müştəri sarıdan korluq çəkmirəm”, - deyə təcrübəli bağban söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır