SİYASƏT


Pakistanda Qarabağ mövzusuna dair mətbuat konfransı keçirilib

Azərbaycan Pakistandakı səfirliyi yerli ictimaiyyəti Qarabağdakı son hadisələr barədə məlumatlandırmaq üçün mətbuat konfransı keçirib. Pakistanın demək olar ki, bütün əsas media qurumlarının iştirak etdiyi mətbuat konfransında Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayan təxribatı, Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması, Azərbaycan Ordusunun əks həmlə əməliyyatı barədə məlumat verilib. Qeyd olunub ki, Ermənistan silahlı birləşmələri Azərbaycanın cəbhəboyu zonada yerləşən yaşayış məntəqələri ilə yanaşı, ölkənin ikinci ən böyük şəhəri olan Gəncəni, iri sənaye mərkəzi olan Mingəçeviri də hədəfə alıb. Nəticədə onlara ölən və yaralanan var, infrastruktura ciddi ziyan dəyib.
Bildirilib ki, Azərbaycan Ordusunun müzəffər yürüşü nəticəsində uzun illər işğal altında olan bir neçə yaşayış məntəqəsi düşmən işğalından azad olunub, ermənilərin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Düşmən tərəfdən Asala, PKK kimi terror təşkilatlarının üzvlərinin də vuruşması barədə məlumatların olması da jurnalstlərin diqqətinə çatdırılıb.