CƏMİYYƏT


Koronavirusla mübarizədə Çin təcrübəsi – AZƏRTAC-ın Uxandan reportajı

Yəqin bir il bundan əvvələdək dünyada, eləcə də Azərbaycanda çox az adam Çində Uxan adlı şəhərin olmasından xəbərdar idi. Ötən il dekabrın son günlərində Uxanda səbəbi məlum olmayan sətəlcəm xəstəliyi yayılmağa başladı. Uxan həkimləri ilk günlər xəstəliyin səbəbini bilmədikləri üçün onun müalicəsi ilə bağlı konkret fikrə gələ bilmirdilər.Uxan Pulmonologiya Xəstəxanasının baş həkimi Pen Pen AZƏRTAC-ın müxbiri ilə söhbətində həmin günlərdə tibb müəssisələrinin çətin vəziyyətlə üzləşdiyini xatırladaraq deyir: “Xəstəxanamız COVID-19 xəstələrinin müalicəsi üçün təyin olunmuş ilk xəstəxanalardan biri idi. Biz xəstələrin qəbulu və müalicəsi üçün tibb işçilərinin və tibbi ləvazimatların sayını artırdıq, intensiv terapiya-reanimasiya şöbələrini yenidən qurduq. Tibb işçiləri virusun mənşəyinin bilinməməsi və qoruyucu tədbirlərin effektivliyinin qeyri-müəyyən olmasına baxmayaraq, öz həyatlarını riskə ataraq israrla fəaliyyətlərini davam etdirirdilər”.