İQTİSADİYYAT


Suqovuşan və Talış kəndlərinə gedən yollara yeni asfalt-beton örtüyü döşənib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası istiqamətində aparılan işlər artıq 1-ci mərhələ üzrə yekunlaşdırılıb. Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km, həmçinin Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik hissələri üzrə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri başa çatıb və sözügedən yollara aşınma qatına qədər yeni asfalt-beton örtüyü döşənib. Yeni asfalt-beton örtüyünün döşəndiyi sahə 250 min kv.m-dən çoxdur. Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru 22 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.