İQTİSADİYYAT


Qida məhsullarının qablaşdırılmasında və sənayedə istifadə olunan torbalar üçün dövlət standartı qəbul edilib

Ətraf mühitin zərərli təsirlərdən qorunmasının daha da gücləndirilməsi məqsədilə qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində qalınlığı 15 mikronadək olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunub. Bu dəyişiklik qida məhsullarının qablaşdırılmasında və sənayedə istifadə edilən torbaların keyfiyyət və təhlükəsizliyini normalaşdıran dövlət standartının qəbulunu şərtləndirir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla, qalınlığı 15 mikrondan yuxarı olan polietilen torbalara dair AZS 891:2021 (GOST 12302) “Polimer plyonkalardan və kombinə edilmiş materiallardan hazırlanan torbalar. Ümumi texniki tələblər” dövlət standartı qəbul olunub və Dövlət Fonduna daxil edilib.