MƏDƏNİYYƏT


Paytaxtın Pirşağı qəsəbəsində yenidənqurma və bərpa işlərinə başlanılıb

Pirşağı Bakının ən qədim qəsəbələrindən sayılır. Qəsəbə Xəzər dənizinin sahilində yerləşir və öz çimərliyi ilə məşhurdur.Artıq bu qəsəbə mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq. Aprelin 16-da Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir. Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun olaraq parkın salınmasıda nəzərdə tutulur. Qeyd edək ki, abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir. Pirşağıda bu mənada bərpa-konservasiya olunacaq abidələrdən biri Hacı Şahverdi hamamıdır. Bu hamam 19-cu əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa olunub. Yerli əhali arasında o, “Qum hamamı” kimi tanınır.