MƏDƏNİYYƏT


Xarkov və Dnepr şəhərlərində 28 May - Respublika Gününə həsr edilmiş konsert təşkil olunub

Ukraynanın Xarkov və Dnepr şəhərlərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr edilmiş tədbir-konsert təşkil olunub.
AZƏRTAC-ın xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin, Xarkovdakı fəxri konsulluğunun və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının birgə keçirdikləri “Dostluğun dialoqu: Ukrayna-Azərbaycan” adlı konsertlərdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Kiyevskaya Kamerata” Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının, o cümlədən Qara Qarayev, Fikrət Adıgözəlov, Yevgeni Stankoviç, Bela Bartokun əsərləri səsləndirilib. Konsert zamanı tarzən Orxan Zeynalovun çıxışı da maraqla qarşılanıb.