CƏMİYYƏT


Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Cənubi Koreyada silsilə tədbirlər keçirilib

Xocalı soyqırımı barədə həqiqətlərin Koreya Respublikasının ictimaiyyəti və siyasi dairələrinin diqqətinə çatdırılması məqsədilə Azərbaycanın Seuldakı səfirliyi və Azərbaycan diasporu geniş səpkili məlumatlandırma kampaniyası həyata keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində Xocalı soyqırımının tanınması və onu törədənlərin cəzalandırılması istiqamətində səylərin artırılması barədə Koreya Respublikası parlamentinin rəhbərliyinə və bütün deputatlara müraciətlər ünvanlanıb, həmçinin parlamentin rəsmi internet səhifəsində müvafiq petisiya kampaniyasına başlanılıb. Parlament üzvlərinə göndərilən müraciətlərdə və petisiyada Xocalı soyqırımının tanıdılmasında məqsədin intiqam alınması deyil, heç bir günahı olmayan, yalnız etnik mənsubiyyətinə görə mülki şəxslərə qarşı törədilmiş sözügedən cinayət üzrə ədalətin yerini tapmasının vacibliyi vurğulanıb.