CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən beynəlxalq narkoşəbəkənin daha 2 üzvü saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha iki nəfər saxlanılıb. Nəticədə qanunsuz dövriyyədən 72 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 1427 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Belə ki, Baş İdarəyə Masallı rayon sakinləri Ramiz İbadov və tanışı Cavidan Əlizadənin ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən əsas fiqurlardan olmaları barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxslər əməliyyat nəzarətinə götürülüb və onların qanunsuz əməlləri əməliyyat-texniki tədbirlərlə ifşa edilib. Həmin şəxslər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi ilə qəbul edib paytaxt ərazisində müxtəlif yerlərdə gizlətməyə çalışan zaman Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.