CƏMİYYƏT


Binəqədi və Biləcəri qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı 24 nəfər saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən dəstə üzvləri saxlanılıblar. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı dəstə başçısı Mahir İsayev, onun tanışları Lətif İsmayılov, Araz Həsənov və Niyazi Muradəliyev tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən 20 kiloqrama heroin və 5 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, Mahir İsayev əvvəlcə “instagram” sosial şəbəkəsində xarici ölkələrdən birində yaşayan narkotacirlə tanış olub. Onun narkokuryerlik təklifi ilə razılaşan saxlanılan şəxs daha sonra bu işə öz tanışlarını da cəlb edib.